fbpx
 

“The Problem Of Resolution Of The Regional Conflicts Reforms in The UN” yayımla

 Yazarımız Ramilə Dadaşova‘nın “The Problem Of Resolution Of The Regional Conflicts Reforms in The UN” kitabı yayımlandı.

REGİONAL MÜNAQİŞƏLƏRİN HƏLLİ PROBLEMİ: BMT-DƏ İSLAHATLAR

Kitab beynəlxalq əhəmiyyətli bir məsələyə həsr edilmişdir. Məqsəd regional münaqişələrin səmərəli nizama salınması üçün BMT-də aparılan islahatların tədqiq edilməsidir. Soyuq müharibə dövrü başa çatdıqdan, iki qütblü dünyaya son verildikdən sonra yaranmış beynəlxalq şəraitdə çoxtərəfli əməkdaşlığın, xüsusən də yeni qlobal təhlükələrin qarşısını almağa qadir yeganə universal beynəlxalq təşkilat olduğu üçün BMT-nin əhəmiyyəti artır və dünyada gedən proseslərlə əlaqədar bu Təşkilatda islahatların aparılması tələbi meydana çıxır. İkinci Dünya müharibəsindən sonra sülh və təhlükəsizliyin qorunması, əməkdaşlığın qurulub inkişaf etdirilməsi ehtiyacından yaradılmış BMT-nin universal təşkilat kimi qalması və işinin təkmilləşdirilməsi yeni qlobal problemlərin ortaya çıxdığı müasir dövrdə vacibdir. Ona görə də Təşkilatda səmərəli, xüsusən də regional və beynəlxalq münaqişələrin nizama salınmasına müsbət təsir edən islahatlar aparılmasına ehtiyac vardır. Problemin öyrənilməsi üçün BMT-nin sülh və təhlükəsizliyi müdafiə imkanları, Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvləri arasında geopolitik ziddiyyətlər və regional münaqişələrin nizama salınması zamanı meydana çıxan problemlər, münaqişələrin nizama salınması mexanizmində islahatların keçirilməsini şərtləndirən beynəlxalq şərait, BMT-də islahatlar barədə siyasi xadimləri  ideya və təklifləri, regional münaqişələrin nizama salınması üçün BMT-nin orqanlarında islahatın zəruriliyi  və perspektivləri, BMT-nin regional və subregional təşkilatlarla əməkdaşlığının perspektivləri, BMT Təhlükəsizlik Şurasının Ermənistanı təcavüzkar dövlət kimi müəyyənləşdirməsinə əsas verən amillər tədqiq edilir.

Müəllif göstərir ki, BMT mexanizmində Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun olması beynəlxalq və regional münaqişələrin nizama salınmasına mane olan səbəblərdən birincisidir. Təhlükəsizlik Şurasının veto hüququna sahib üzvləri BMT-nin əsas orqanlarının hər birində iştirak edərək veto hüququndan bir-birinə qarşı diplomatik-siyasi mübarizədə siyasi silah kimi istifadə edirlər. Daimi üzvlər geosiyasi maraqlarından çıxış edərək münaqişələrin nizama salınması prosesini ləngidirlər. Nəticədə maraqlarını təmin etmək üçün veto hüququndan istifadə edən və onların əleyhinə olan dövlətlərin fəaliyyətində ikili standartlar yaranır, dövlətlərin suveren bərabərliyi prinsipi pozulur. Veto hüquqlu ölkələr iddialarını reallaşdırmaq üçün bütün qanuni və qanunsuz vasitələrdən istifadə edir və bu zaman beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər bəzən ikinci dərəcəli əhəmiyyət kəsb edir. İkincisi, Təhlükəsizlik Şurasının daimi və müvəqqəti üzvləri Soyuq müharibə dövrünə uyğun regionlar üzrə seçilirlər və bu seçimdə ədalətsizlik aydın görünür. Üçüncüsü, silahların tənzimlənməsinə görə məsuliyyət daşıyan Təhlükəsizlik Şurasının daimi üzvləri ən çox silah ixrac edən dövlətlərdir. Onlar silah satışında maraqlı olduqları üçün veto hüququndan yararlanaraq münaqişələrin həlli prosesini ləngidirlər. Dördüncüsü, Baş Məclis və Təhlükəsizlik Şurası üzvlərinin sayı arasında qeyri-bərabərlik Təhlükəsizlik  Şurasının əsas qüsurlarından biridir. Beşincisi, BMT-nin vasitəçiliyinin müsbət nəticə verməməsinin əsas səbəblərindən biri onun münaqişə tərəflərini düzgün müəyyənləşdirməməsidir, başqa sözlə, BMT təcavüzkar dövləti və özünümüdafiə hüququ olan dövləti öz qətnamələrində dəqiq göstərmir.

Nəticədə müəllif bildirir ki, daimi üzvlərin öz hüquqlarından istifadə edərək veto hüququnun ləğv edilməsi barədə qərarlara Təhlükəsizlik Şurasında veto qoyacaqları ehtimalı böyükdür. Ona görə də veto hüququnun ləğv edilməsinə dair qərar Baş Məclisdə qəbul edilə bilər. 1950-ci ildə qəbul edilmiş “Sülh naminə əməkdaşlıq” qətnaməsi bu imkanı Baş Məclisə verir. Baş Məclisin səlahiyyətlərinin artırılması şərti ilə BMT yalnız dövlətlərarası deyil, həm də beynəlxalq xarakterli təşkilat olmalı, milli dövlətlərin suverenlikləri saxlanılmaqla, onların hakimiyyəti üzərində özünə yer tutmalı və beynəlxalq münasibətlərdə sərbəst rol oynamalıdır. Baş Məclisin qərar və qətnamələrinin tövsiyə xarakteri daşıması, Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün əsas orqanlarda iştirak edərək qəbul edilən qərarlara,  irəli sürülən təşəbbüslərə təsir göstərməsi Baş Məclisin, eyni zamanda dövlətlərin suverenlik hüquqlarını məhdudlaşdırır. Ayrı-ayrı orqanlarda, o cümlədən Təhlükəsizlik Şurasında müzakirə edilən məsələlərin yenidən Baş Məclisə gətirilərək, 2/3 səs çoxluğu ilə onlar barəsində qərar və qətnamələrin qəbul edilməsi  BMT-də təmsil olunan dövlətlərin suverenlik hüquqlarının bir daha təsdiq edilməsinə imkan verər. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsində günahkar tərəfə qarşı alternativi olmayan beynəlxalq xarakterli iqtisadi sanksiyalardan istifadə etməsi nəinki dövlətlərin beynəlxalq hüquq normalarına riayət etməsinə, həmçinin ikitərəfli, çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə səbəb ola bilər və bu da özlüyündə beynəlxalq münasibətlərdə tarazlaşdırmaya gətirib çıxara bilər. Sülh və təhlükəsizliyi müdafiə etmək üçün Тəhlükəsizlik Şurası və Beynəlxalq Məhkəmə arasında sıx əməkdaşlıq olmalıdır. Təhlükəsizlik Şurası təcavüz aktını müəyyənləşdirmədikdə, Beynəlxalq Məhkəmənin bu hüququ həyata keçirmək hüququ olmalıdır. BMT-nin regional və subregional təşkilatlarla əməkdaşlığı Nizamnamənin 52-54-cü maddələrinə uyğun həyata keçirilmədikdə mənfi hallarla nəticələnir.

Müəllif BMT-nin sənədləri əsasında  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, islahatlar aparmaqla BMT çərçivəsində nizama salınması barədə tövsiyələr verir.

Əsər bey­nəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix və po­li­to­logiya ixtisasları üzrə təhsil alan tə­l­ə­b­ə­lər, bu ixtisasları tədris edən mü­əl­lim­lər, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix və po­li­to­logiya ilə maraq­la­nan geniş oxucu kütləsi üçün nə­zərdə tutulmuşdur.

Türk Yayınevi Nəşriyyatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Qəlbdən Qələmə" yayımlandı

Ç İyl 22 , 2020
Yazarımız Sadiq‘in “Qəlbdən Qələmə” kitabı yayımlandı. 
Qəlbdən Qələmə - Sadiq